Zakir Kaya Kitaplarının 2.Baskısı çıktı iletişim kurmak için tıklayınız.

KHA

Dəyərli Məhərrəm müəllimi hörmətlə yad edirik! Nağıqızı: Bir gölün dəniz dərdi

filologiya elmləri üzrə fəlsəfə doktoru

 Dəyərli Məhərrəm müəllimi hörmətlə yad edirik!

Mahirə Nağıqızı: Bir gölün dəniz dərdi

“Vətən sevgisi yeganə bənzərsiz insan duyğusudur ki,onu bölüşdürmək olmur,onu pay kimi xırdalamaq olmur.”

Bu, “Göyçə gölü” poeması ilə ədəbiyyatımızda boy verən Məhərrəm Hüseynovun kitabında yazdığı şeirlərdən seçmədir. Bəri başdan qeyd edək ki,Azərbaycan filologiya elmində kifayət qədər ciddi alim kimi tanınaraq da qəbul edilən filologiya elmləri doktoru,professor  Məhərrəm Hüseynov 10-dan artıq kitabın müəllifi olsa da “Göyçə gölü”  onun ilk bədii ədəbiyyat nümunəsidir.

Göyçə gölü,əlim səndən üzüldü,

Yığvalıma dağ-düyünlər düzüldü,

Sənsiz keçən bir an mənə yüz idli.

Səndən qaçaq ömrüm qəmə boyandı,

Ürəyimdə neçə həsrət oyandı.

Bu, şairin təkcə göyçəlilər deyil,dünyanın harasında olmasından asılı olmayaraq hər bir azərbaycanlı üçün nisgil rəmzinə çevrilən nadir təbiət hadisəsinin- Göyçə gölünün xəyali səyahətinə hazırlıqdır. Əlbəttə,şair formaca  ustad Şəhriyarın  məşhur “Heydərbabaya salam” poemasını nümunə seçib və məsuliyyətlə demək mümkündür ki,uğurlu bir sənət əsəri yarada bilib.Onu da xatırladaq ki, “Heydərbabaya salam” poeması “Ədəbiyyat və incəsənət” qəzetinin 1958-ci il 14 sentyabr sayında professor Həmid Məmmədzadənin “Şəhriyar Təbrizi” adlı məqaləsi ilə Şimali Azərbaycana təqdim olundu. Bu tanışlıq daha sonra professor Qulamhüseyn Beqdeli tərəfindən davam etdirilir.Akademik  M.Arif  “Heydərbabaya salam” poeması ilə bağlı yazırdı:  bu poemanın özəlliyi yalnız ana dilində yazılmasında deyil,onun əsas üstünlüyü mövzu və ideya ilə bədii forma, bədii ifadə tərzi arasında nadir bir uyğunluq, çox müvəffəqiyyətli bir vəhdət yarada bilməsindədir.Akademikin fikirlərini birmənalı olaraq Məhərrəm Hüseynovun  “Göyçə gölü” poemasina şamil etmək mümkündür.

Oxucularımıza bir daha xatırladaq ki, Göyçə gölü etnik azərbaycanlıların XX əsrin sonlarına- Ermənistan dövləti tərəfindən ölüm qorxusu altında tarixi vətənlərindən çıxarılana qədər soydaşlarımızın daimi yaşayış məskənlərindən biri olub.Onu da yada salaq ki, göl, Cənubi Qafqazda ən iri göllərdən biridir- dəniz səviyyəsindən 1926 metr yüksəklikdə yerləşən bu gölü nadir təbiət hadisəsi hesab edirlər.

Toxluca,Ağbulaq,Şorca,Ardanış,

Cil,Babacan,Pəmbək tarixə tanış,

Ağkilsə,Şişqaya,Məzrədən danış,

Allah,allah,bu yerlərdə ada bax!

Sözlərdəki doğmalığa,dada bax!

Hə, doğmalığın yarada biləcəyi dadla səslənən bu adların düzümü ilə Məhərrəm Hüseynov Göyçə gölünün ətrafındakı topomonistik xəritəni təqdim edə bilir.  Rusiyanın işğalına qədər İrəvan xanlığının tərkibində olan mahal,bolşevik Rusiyasının yaratdığı bolşevik Ermənistanınada  beş inzibati rayon arasında bölündü.Həmin bölünmələrdən sonra azərbaycanlılara qarşı etnosid siyasətinin yeni bir mərhələsi başladı,gürcü mütəfəkkiri İlya Çavçavadzenin təbirincə desək,bu mahalda da “erməni alimləri və ağlayan daşlar” erası başladı- onlar toponimlərin erməniləşdirilməsini müəyyən fırıldaqlarla həyata keçirirdilər.

Xatırlatma üçün yada salaq ki,"Kitabi-Dədə Qorqud"da yer-yurd adlarının izi Göyçə gölü boyunca təqdim edilir: eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlərimiz  azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin silinməz izidir.

Dədəm Qorqud “Göyçə dəngiz” deyibdir,

Adicə göl demək sənə, eyibdir,

Sahillərin dagdan zireh geyibdir,

Güneyi yamyaşıl,qardır quzeyi,

Göyçə nədir?- təbiətin muzeyi.

Şair bir gölün dəniz dərdini poeziyanın dili ilə,aydın ifadə edir,mənəvi itkilərin obrazını yaratmağa müvəffəq olur. Poemanın dili zəngin,bədii ifadə vasitələri cəlbedicidir.Oxucu poemanı oxuyub da Azərbaycanın zəngin mədəniyyət və mənəviyyat beşiyinə səyahət edir və sabaha ümidlə baxır,inanır ki,dədə-babalarımızın bu gün əsirlikdə qalan ellərinə oraların tam sahibi kimi dönməliyik:

Göyçə gölü,haraylasan el gələr,

Şimşək çaxar,leysan yağar,sel gələr,

Qoynundan çəkilər qara kölgələr,

Nəfəs dərər Ağ Aşığın diyarı,

Aşıq Ələsgərin dustaq məzarı.

Mahirə Hüseynova



Hiç yorum yok